Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” və “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib.
Yeni qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində müharibə veteranlarının, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrləri elektron formada aparılacaq.
Məsələ ilə bağlı deputat Arzu Nağıyev Ednews - a açıqlamasında qeyd edib ki, bu reyestrin tərtib olunması vətəndaşların müraciətlərində bir çox problemlərin həll edilməsi və prosesin nizamlanması üçün olduqca vacibdir.
“Bu kimi məsələlərin qanuniləşməsi, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi nəzdində belə bir reyestrin olması hər bir şəhid ailəsi və veteranlar üçün münasib imkanlar yaradacaq. Əvvəllər bütün sosial məsələlər ilə bağlı müxtəlif ünvalara müraciət edilirdi, indi isə artıq operativ şəkildə bütün müraciətlər bir yerdə cəmlənir və hər bir şəxs özü haqqında və yaxud şəhid, şəhid ailəsinin üzvləri, veteranlar və döyüşlərdə yaralanan şəxslər haqqında məlumatlar əldə etmək mümkün olacaq. Bu prosedurların sadələşdirməsi deməkdir. Nazirliyin elektron informasiya sistemində həm veteranlar, həm də şəhid ailələrin müraciətlərinə aid reyestrlər var, bu da işin operativliyinə və süründürməçiliyin qarşısının alınmasına doğru atılan ciddi bir addımdır”.
Deputat bu reyestrin bundan əvvəl parlament səviyyəsində, Prezident İlham Əliyevin fərmanı ilə öz təsdiqini tapdığını da bildirib.
“Nazirlər Kabineti bu reyestrin forması və metodları barədə nazirliyə artıq göstərişini verib. Hesab edirəm ki, müasir zamanda bu yenilik ən mühüm elektron informasiya resurslardan biridir”.