"Azərbaycanda əlverişli biznes mühiti yaradılıb və ölkəmizdə 15 mindən çox xarici kapitallı şirkətin qeydiyyatdan keçməsi, onların arasında Qazaxıstan kapitallı iki yüzdən çox şirkətin (sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində) olması buna sübutdur".
Ednews xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının birinci iclasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
"Xüsusilə işğaldan azad edilmiş ərazilərdə biznes layihələrinin həyata keçirilməsinin mümkünlüyünü qeyd etmək istərdim.
Qarabağ bölgəsi müxtəlif sahələrdə, o cümlədən turizm, kənd təsərrüfatı, energetika sahəsində zəngin potensiala malikdir. Bu günə qədər Agentliyimizə bu regionda biznes qurmaq istəyən xarici şirkətlərdən 1 100-dən çox müraciət daxil olub. Sevindirici haldır ki, onların arasında 65-ə yaxın müraciət Qazaxıstan şirkətlərinə aiddir", - deyə o, qeyd edib.