Sabah Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Ednews xəbər verir ki, artıq ikinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.
Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək, Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb.
Gedən döyüşlər nəticəsində Ordumuzun 2908 hərbçisi şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!