Paytaxt apteklərində bir çox dərman preparatları yoxa çıxıb. Bakıda yaşayan bəzi sakinlər apteklərdə axtardıqları dərmanları tapmadıqlarından şikayətlənirlər. Bəzən istədiyi dərmanı tapa bilməyən alıcı məcbur axtardığı preparatın daha bahalı əvəzləyicisini almaq məcburiyyətində qalır.
Həll olunmayan problemlər...
Uzun müddətdir ki, var olan bu problem hələ də həllini tapa bilmir. Bu problemlə bağlı Bakıda fəaliyyət göstərən apteklərə üz tutduq. Əczaçılar deyir ki, son vaxtlar qrip, soyuqdəymə və boğaz ağrısına qarşı, eləcə də immuniteti artıran preparatlara tələbat çox olsa da, depolarda belə dərmanlar tapılmır. Bununla bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, apteklər özəl şirkətlərin balansında olduğundan məsələ Nazirliyin səlahiyyətində deyil.
Maraqlıdır ki, dərman çatışmazlığına səbəb nə ola bilər?
“Azərbaycanda dərman bazarı xüsusi idxaldan asılıdır”.
Bu sözləri Ednews-a açıqlamasında Azərbaycan Tibb Universiteti professoru Adil Qeybulla bildirib.
“İdxal olunduğu ölkələr əsasən Rusiya , Ukrayna və Belarusiyadır. Dərman çatışmazlığının yaranmasında səbəblərdən biri Rusiya – Ukrayna müharibəsi ilə əlaqəlidir. Müharibə davam etdikcə bu ölkələrin infrakstrukturuna zərər dəyib. Eyni zamanda da əczaçılıq konservlərinin fəaliyyəti də ciddi zərər görüb. Buna görə də müəyyən dərmanların artıq çatışmazlığı yaranıb. Təklif edirəm ki, biz həmin dərmanları analoqu ilə əvəz etmək üçün Türkiyədən dərman idxalı həyata keçirək. Türkiyənin dərmanlarının keyfiyyət baxımdan yüksəkdir. Eyni zamanda qiymət baxımından da bizim üçün uyğundur”.
Professor həmçinin qeyd edib ki, müvafiq dövlət qurumları bununla bağlı təcili tədbirlər görməlidir. Əks halda dərman bazarında olan vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Bu çatışmazlıq həmçinin müalicə işinə də ciddi təsir edir.
Ayan Rzayeva