“Məktəblərdə dərs yükünün çoxluğu şagirdin məktəbə qarşı motivasiyasına və dərsə hazırlığına mənfi təsir edir. Eyni zamanda, onun fənni mənimsəməsinə, akademik səviyyəsinin aşağı düşməsinə səbəb olur”.
Bu barədə Ednews-a danışan uşaq psixoloqu Gülnar Həmidova hesab edir ki, əgər şagird məktəbə hazırlıqlı gələrsə, dərs yükünü hiss etməyəcək.
Onun sözlərinə görə, məktəblərin bir problemi də dərs cədvəllərinin hazırlanması ilə bağlıdır:
“Əgər cədvəl düzgün tərtib olunarsa, şagird yükü o qədər hiss etməyəcək. Ancaq bu gün cədvəl düzgün hazırlanmır və bir fənn ardıcıl iki dəfə salınır. Hər fənnin arasına idman, musiqi və rəsm dərsləri salınmadığı üçün şagird həm zehni, həm psixoloji cəhətdən tez yorulur, həm də məktəbdən sıxılmağa başlayır. Halbuki, bu dərslər onlar üçün maraqlı və rahat olmalıdır. Yalnız yuxarı siniflərdə standart tədris sistemi tətbiq olunur. Bu siniflərdə də cədvəl düzgün hazırlanarsa, şagirdlər əziyyət çəkməzlər”.
Ekspert son illər fərqli dərslik proqramlarından da istifadə olunduğunu bildirib:
“Bir müddət əvvəl bu proqramların çox ağır və çətin olması ilə bağlı fikirlər səsləndirildi. Əslində isə belə deyil və dərslikdə hafizənin, təfəkkürün və diqqətin inkişafı üçün vacib materiallar, eləcə də dərslərin şagirdlərə oyun şəklində keçilməsi ilə bağlı yaxşı mövzular var. İlk vaxtlar müəllimlər buna hazır deyildilər, amma sonrakı dövrlərdə təlimlər keçirildiyi üçün proqramı tam mənimsədilər. Hərflər uşaqlara oyun vasitəsilə öyrədilir və dərs uşağın yaddaşına daha tez həkk olunur. Bu dərsliklər pilot layihə kimi 2-3 il əvvəldən hazırlanıb”.
Oğuz Ayvaz