””Azərsu” ASC tərəfindən Şəki şəhərində 2010-ci ildə su xətlərinin çəkilməsinə başlanılıb. Lakin 12 il keçsə də, hələ də işlər yekunlaşdırılmayıb”.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
“Bu dövr ərzində işlərin yalnız 60 faizi yekunlaşdırılıb. Yollarda isə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, qazıntıların nəticəsi olaraq yollarda yarğanlar yaranıb. Eyni zamanda asfalt örtüyünün də çökməsi yolları yararsız vəziyyətə salıb.
Qeyd edim ki, şəhərə giriş-çıxışı təmin edən 4 prospekt və 6 küçənin avtomobil yollarında problemlər var. Problemin həlli üçün əhali adından hökumətdən xahiş edirəm ki, bu istiqamətdə vəsait ayrılsın” – deyə deputat bildirib.
Vüqar İskəndərov əlavə edib ki, Şəkidən 5-10 dəfə kiçik rayonların yollarının bərpası üçün Şəkidən 2 dəfə daha çox vəsait ayrılır.