Bakı şəhəri Yasamal rayonu Süleyman Tağızadə küçəsində yerləşən yarım tikili binada narkomanlar məskən salıblar.
Bu barədə Ednews-a sakinlər şikayət ediblər.
Onlar bildirirlər ki, artıq uzun müddətdir bu ərazilərə narkomanlar yuva salıblar. Sakinlər narkotik aludəçilərinin ərazidə hər hansı problem yaradacaqlarından narahatdırlar.

“Gecələr rahat yata bilmirik. Qorxuruq ki, bu dəqiqə gəlib ya evə girəcəklər, ya bir yeri yandıracaqlar. Dəfələrlə səhərə yaxın gəlib evlərin həyətlərindən oğurluq etdiklərinin şahidi olmuşuq”.
Məsələ ilə bağlı ilk olaraq Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Ednews-a açıqlamasında bildirib ki, narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması Daxili İşlər nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.
“ Qeyd olunan ərazidə hazırda Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş şəkildə nəzarət tədbirləri həyata keçirilir. Əlavə qruplar həmin əraziyə təhkim olunub. Ərazidə neqativ hallar tam arada qaldırılana kimi burada gücləndirilmiş şəkildə nəzarət davam etdiriləcək. Ümumiyyətlə narkotik vasitələrdən və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşı mübarizə tədbirlərinin aparılması DİN- in əsas iş prinsipidir. Cari ilin 10 ayı ərzində üç ton 186 kq müxtəlif növ narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Narkotiklə bağlı 9 min 409 cinayət faktı qeydə alınıb. Bu cinayətlərdə əli olan 7 min 618 nəfər məsuliyyətə cəlb olunub”.

O həmçinin bildirib ki, belə neqativ hallarla rastlaşan vətəndaşlar dərhal bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə, eləcə də DİN-in sosial şəbəkələrdəki hesabları vasitələri ilə məlumat verə bilərlər.
“Bununla bağlı ancaq Hüquq-mühafizə orqanları tədbirlər görə bilər. Onlar saxlanılaraq müəyyən olunmuş müəssisələrə göndərilməlidirlər”.
Bu sözləri sosioloq Rəşad Əsgərov Ednews-a açıqlamasında bildirib.
“Vətəndaş bu məsələ ilə bağlı nə tədbir görə bilər ki? Hüquq-mühafizə orqanları bu işin həllində yardımçı ola bilər. Bu hazırda çox geniş yayılan problemdir. Hüquq-mühafizə orqanları qanunvericiliyə əsasən az miqdarda narkotik vasitə qəbul edən şəxsləri həbs edə bilmirlər. Sadəcə söhbət etməklə bu məsələ düzələn deyil. Dövlət də artıq bu şəxslərlə necə tədbir görəcəyini bilmir”.

Ayan Rzayeva
Foto: Fariz Faiqoğlu