Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda azyaşlıların “Tik-Tok” sosial şəbəkəsinə daxil olunmasının qanunvericiliklə qadağan olunmasını təklif edib. Deputat həmçinin bildirib ki, “Tik-Tok” gələcək nəslin məhvinə yönəlib.
Son zamanlar Tik-Tokda yayımlanan videolar cəmiyyət arasında birmənalı qarşılanmır. Çünki burada heç bir qayda- qanun, çərçivə olmadan qeyri-etik görüntülər də paylaşılmaqdadır. Bu isə əsasən formalaşmaqda olan yeniyetmələrin tərbiyəsinə öz mənfi təsirini göstərir.
Bəs, çözüm yolu nədir?
“Bir təklif vermək yarımçıq məsələdir. Bununla bağlı ümumi müzakirələr olmalıdır”.
Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Ednews-a açıqlamasında bildirib.
“Çox mürəkkəb bir cəmiyyət də yaşayırıq. Məhdudiyyət, qadağa qoymaqla heç bir məsələni həll etmək mümkün deyil. Bu dövrdə həm maarifləndirmə, həm də məhdudiyyət olmalıdır. Bunun üçün xüsusi texnologiyalar hazırlanmalıdır”.
İT mütəxəssis Elvin Abbasov bildirib ki, sosial şəbəkələrin beynəlxalq standartlara görə yaş məhdudiyyətləri var.
“Amma burada etik qeydiyyat da maraqlıdır. Azərbaycan da çoxlu sayda feyk profillər var. Azyaşlılar müxtəlif adlarla qeydiyyatdan keçib, öz adlarından istifadə etmirlər. Azyaşlıların tiktoka qadağasını məhdudlaşdırmaq mümkün olmayacaq. Çünki onların çoxu saxta profillərdən istifadə edir”.
Psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, ümumiyyətlə, sosial şəbəkələr 13 yaşdan aşağı uşaqlar üçün zərərlidir.
“ Hər bir yaşın qavrama dövrü vardır. Yaş həddinə uyğun olmayan informasiya qəbul edildikdə bir xaos yaranır. Uşaqların şəxsiyyət formalaşması dövrünə düşdüyü zaman müəyyən problemlər əmələ gəlir. Uşaqlarda aqressiv hallar müşahidə oluna bilər”.
Aynurə İsmayılqızı