Ərəb turistlərin ölkədə qanunsuz ovçuluqla məşğul olmaları haqqında yayılan xəbərlər və görüntülər vətəndaşları və ekologiya fəallarını narahat etməkdədir.
Ovçuluqla məşğul olmaq istəyən şəxslər hansı qaydalara əməl etməlidirlər?
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ednews-un suallarını cavablandırıb. O bildirib ki, ötən illərlə müqayisədə bu il qanunsuz ovçuluq hallarının sayı azalıb. Nəzarət mexanizmlərinin daha səmərəli təşkili, profilaktik tədbirlər və bölgələrdə müxtəlif yaş kateqoriyaları arasında, yerli təşkilatlarda, həmçinin, kütləvi informasiya vasitələrində aparılan maarifləndirmə işləri müsbət nəticələr verməkdədir:
“Mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları vətəndaşları ov qaydaları barədə məlumatlandırırlar. Ovçuluqla məşğul olmaq istəyən şəxslər Nazirliyin internet səhifəsində qaydalarla tanış ola bilərlər. Vətəndaş limiti keçməməklə yalnız icazə verilmiş ərazilərdə ov edə bilər. Keçən il statistikaya əsasən qanunsuz ovçuluqla məşğul olan 8-i əcnəbi olmaqla 130 şəxs saxlanılıb, daha əvvəlki illərdə təxminən 190-200 nəfər məsuliyyətə cəlb edilib. Ümumiyyətlə, qanusuz ovla məşğul olanların əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir.
H.Əlizadə qeyd edib ki, ov etmək üçün xüsusi müəyyən edilmiş ovçuluq təsərrüfatları sahələri ayrılıb. Vətəndaş həmin ərazilərdən kənara çıxmamalıdır:
“Şəhər ətraflarında ən az 1,5 km məsafədə, kənd-qəsəbə ətraflarında ov etmək olmaz. Dövlət tərəfindən mühafizə olunan ərazilərdə, həmçinin, xüsusi mühafizə oluna Milli Parklar və Dövlət Qoruqlarının ərazisində, onların sanitar zonlarında ov etmək qadağandır. Sərhəd zonaları da qadağan olunan ərazilərdəndir”.
Qanunsuz ovçuluqla bağlı hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər icazəsiz, qadağan edilmiş yerlərdə, yaxud, vaxtda, qadağan edilmiş alət və üsullarla ov etməklə təbiətə xeyli miqdarda ziyan vurduqda 2000 manatdan 3000 manatadək cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquqşünas onu da qeyd edib ki, eyni əməllər ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, həmçinin, qoruqların ərazisində törədildikdə 3000 manatdan 6000 manatadək cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hüquqşünas Elşad İsayev isə qanunsuz ovçuluqla məşğul olan turistlərə vasitəçilik edən şəxslərin də məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb:
“Qanunvercilikdə boşluqlar var. Ölkəmizə gəlib qeyri-qanuni ovçuluqla məşğul olan əcnəbilərə vasitəçilik edən, onları yerləşdirən şəxslərlə bağlı da tədbirlər görülməlidir. İnzibati Xətalar Məcəlləsinə bu barədə əlavələr edilməlidir. Bu işdə marağı olan şəxslər təbii ki, məsələyə biganə qalmağa davam edəcəklər. Vətəndaşlar təbiətin qorunmağına həssas yanaşmalıdırlar. Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə də böyük məsuliyyət düşür. Jurnalistlər məsələni işıqlandırmalıdırlar. Qanunsuz ova vasitəçilik edən şəxslər barədə qanunvericilikdə normativlər yoxdursa, onlar nə məsuliyyətə cəlb edilə bilər, nə də cərimə oluna bilərlər. Belə olan halda, həmin şəxslər də əlini-qolunu sallayaraq işlərinə davam edəcəklər”.
Törə Zeynallı