Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın xalq artisti, kino aktyoru Ramiz Novruz vəfat edib.
68 yaşlı aktyor uzun müddətdir ki mədə xərçəngindən müalicə olunurdu. Bununla bağlı bir sıra məşhurlar sənətkarın ölümü ilə bağlı paylaşım ediblər.
Aktyor Anar Heybətov:
"Xalq artisti Ramiz Novruz... Özündən sonra gələn nəsilə aktyor sənətini sevdirən sənətkar... Gənc yaşlarımdan onunla dostluq edirdik, ölüm xəbərini eşitdiyim an ilk dəfə onu yaxından görəndə sevindiyim yadıma düşdü. Ailəsinə, dostlarına və ikinci ailəsi sayılan Akademik Milli Dram Teatrının kollektivinə başsağlığı verib, Allahdan səbr diləyirəm. Əgər o dünyada teatr varsa, mütləq görüşəcəyimizə inanıram”
Aktyor Azər Aydəmir :
Azərbaycan kinosunun əfsanəsini itirdik. Allah rəhmət eləsin
Teatr aktyoru, Xalq artisti Cahangir Novruz da sənət yoldaşı haqqında öz xatirələrini bölüşüb.
“Gözəl insan, istedadlı aktyor, dəyərli sənət dostum Ramiz Novruz. Bu acı xəbərə heç inanmağım gəlmir, inanmaq istəmirəm. Sənin xəstə olduğunu da bilmirdim və söyləsəydin də inanmazdım. Hər zaman pəhlivan kimi idin”.
Aktyor bildirib ki, o heç amma heç unudulmayan sənətkarlardandır.
“Allah rəhmət eləsin. Səhnəmiz bir az da boşaldı. Sənət ağacımızın yarpaq tökümü davam edir...
Nur içində yat, dəyərli sənət dostum”.
Ayan Rzayeva