Baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
Bu barədə Ednews-a TƏBİB-dən verilən açıqlamada bildirilir.
məlumatda qeyd olunur ki, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Bakıda bu gün silahlı insident olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb.
Silahlı insident Bakı Dövlət Sirkinin yaxınlığında - paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. Olay yerinə əməliyyat qrupu cəlb edilib.
Hadisədə xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.