Bir çoxları üçün moda həddən ziyadə maraqlıdır, hətta deyərdim ki, əksər xanımlar üçün dəb həyatın mənasıdır.
Hər bir xanım gözəl, baxımlı, təravətli görünmək istəyir. Qadınlar seçdiyi geyim zövqlərinə görə diqqət mərkəzinə düşə bilirlər. Dayanmadan sürətli inkişafda olan dünya moda sənayesi hər il yeni və fərqli tendensiyalar ortaya qoyur. Modelyerlər yaşadığımız 2023-cü ildə əsasən parlaq və rəngli geyimlərə diqqət yetirməyə qərar veriblər.
Mütəxəssislər 2023-cü il üçün dəbdə olan ətəklərin qadınlarda xüsusi cazibədar görünüş yaradacağını vurğulayırlar. Dizaynerlər isə hava şəraitindən asılı olmayaraq çoxçeşidli maraqlı üslublar təklif edirlər. Bu il mövsüm əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən insanlar cazibədar görünmək üçün çox da qalın olmayan geyimlərə üz tuturlar.
Geyim, libas görünüşümüzə nə qədər təsir edir? 2023-cü ilin trend geyimi hansıdır? Hansı tərz, dəbli geyim, rəng üstünlük təşkil edir?
Mövzu ilə bağlı Ednews-a danışan modelyer Leyla Əhmədova bildirdi ki, bu ilin yaz-yay kolleksiyasında canlı rənglər daha çox ön planda olacaq:
“Yaz fəslində ən aktiv rənglərdən biri qırmızı, bənövşəyi və narıncı rəngin açıq tonları olacaq. Yaşıl və mavi isə hələ də dəbdədir. Geyim olaraq enli şalvarlar, enli çiyinli pencəklər, gödəkcə formalı topik və korsetlər də geyim seçimində üstnülük təşkil edəcək. Şifon uzun ətəklər də bu ilin dəblərindən biridir. Süni dəri, cins, kətan isə parça olaraq bu ilin əsas trendlərindəndir”.
Rübabə Kazımlı