Gürcüstana məxsus teleqram kanalları, xəbər saytları may ayının 1-dən etibarən Azərbaycanla quru sərhədlərin açılacağını yayıb. Bununla bağlı Azərbaycan tərəfindən hələlik rəsmi mövqe yoxdur.
Xatırladaq ki, quru sərhədlərin açılacağı ilə bağlı iddialar martın 28-dən güclənib. Belə ki, həmin tarixdə bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Məsələ ilə bağlı Ednews-a danışan deputat Azər Badamov bildirdi ki, quru sərhədlərin açılması zamanı gəlib. Sərhədlər bağlı qalmayacaq:
“Əhali dövlətin qərarlarına hörmətlə yanaşır. Əgər sərhədlər bağlıdırsa, bunun önəmli əsası var. Sərhədlər virus təhlükəsi səbəbi ilə bağlı saxlanır. Doğrudur, sərhədlərin bağlı qalması bir çox narahatlıq yaradır. Bir neçə ildir ki, yaxınlarını ziyarət edə bilməyənlər var. Hər kəsin təyyarə ilə səyahət etmək imkanı yoxdur. Bir çox nüansları nəzərə alaraq düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah sərhədlərin açılması ilə bağlı qərar verər”.
O ki qaldı İranla sərhədin açılıb-açılmayacağına dair fərdi yanaşmaya, millət vəkili qeyd etdi ki, vətəndaşlarımıza İrana səyahət etməməyin tövsiyə edilməsi sərhədin bağlı qalacağı demək deyil:
“Virus təhlükəsi tam aradan qalxdıqdan sonra sərhədlər açılacaq. İranla münasibətin gərgin olması sərhədin bağlı qalması üçün əsas deyil. Yük avtomobilləri rahat hərəkət edir, ticarət əlaqələri davam edir, iqtisadi əlaqələr qaydasındadır. Gərginlik sünidir, uzun müddət davam edə bilməz. İranla Azərbaycan arasında razılaşdırılmış böyük layihələr var, məsələn, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi. Hesab edirəm ki, əsaslı səbəblərimiz olsa da, bu, müvəqqəti gərginlikdir. İran da gec-tez bunu başa düşəcək və Azərbaycanla əlaqələrin bərpa edilməsinə töhfə verəcək".
Oğuz