2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası komandasının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu minaya düşərək xəsarət alıb.
“2023-cü il 26 aprel tarixi səhər saat 08:30 radələrində Suqovuşan ərazisində sürücü ehtiyatsızlıq nəticəsində piyada əleyhinə minaya düşüb. Hadisə komanda işləyərkən sürücünün diqqətsizlikdən minadan təmizlənməyən əraziyə keçməsi ilə baş verib. Bu zaman o minaya düşüb. Nəticədə sağ ayağı topuğdan amputasiya edilib. Xəsarət alan şəxs Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib, hazırda əməliyyatı davam edir”.
Qeyd edək ki, Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aysel Şahmar