Ürək və digər yanaşı patalogiyaları olan xəstələrə həkimlər çox gəzməyi məsləhət görsələr də diz oynağı ağrıyan və menisk yırtığından əziyyət çəkən xəstələrdə bu, problem yaradır.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.
Həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının protokoluna görə, bu cür xəstələrə çox gəzmək və ayaqüstə qalmaq, ağır fiziki işlər tövsiyə edilmir:
“Həmin xəstələr gün ərzində 10 dəqiqə fasilə ilə 1 km gəzə bilərlər”.
Həkim bildirib ki, menisk yırtıqlarının növlərinə görə əlamətləri də fərdi və individual xarakter daşıyır:
“Yüngül formada diz oynağında şişkinlik və ağrı ilə müşahidə olunur. Risk qrupunda olanlar isə daha çox aktiv idmanla məşğul olanlardırlar”.
Xəstəliyin müalicə üsulları barədə danışan həkim qeyd edib ki, 1 və 2-ci dərəcə menisk yırtıqlarında konservativ üsullardan istifadə edilir:
“3-cü dərəcə zədələnmələrdə isə əməliyyatlara müraciət edilə bilər. Cərrahi üsulla müalicələr iki növ aparılır və çox ciddi zədələnmələrdə bu üsula müraciət edilir. Əməliyyatdan sonra protokola görə, xəstələrin tam bərpa olması 4-6 həftə çəkir”.
Menisk yırtıqlarının müalicəsində kök hüceyrə tətbiqi barədə danışan həkim bildirib ki, bu, diz oynaqlarının müalicəsində effektiv üsul hesab olunur:
“Menisklərin çox ağır olmayan, 1 və 2-ci dərəcələrində bu müalicə üsulundan istifadə edilir və kifayət qədər də effektiv üsul hesab olunur”.
Uşaqlarda menisk yırtıqları barədə danışan həkim qeyd edib ki, bu, böyüklərlə müqayisədə uşaqlarda çox nadir hallarda rast gəlinir.
“Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa etdiyi üçün əgər belə bir problem yaranarsa, müalicədə əməliyyata müraciət edilmir”, - deyə həkim qeyd edib.
Aysel Şahmar