Mayın 29-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsində çalışan heyət Göygöl şəhər Mədəniyyət Evində Laçın və Kəlbəcər rayonlarından olan və Qarabağa qayıtmağı planlayan fermerlər üçün təlimlərə start verib.
Ednews xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) daxil olan məktuba əsasən təlimlərdə 2 min 374 fermerin iştirakı nəzərdə tutulub. Bir neçə sessiyadan ibarət olan və 2 iyun 2023-cü il tarixədək davam edəcək təlimlər BAMF-ın təlimçi - qrup rəhbəri Ruslan İbrahimbəyli və təlimçi Raul Binnətzadə tərəfindən keçirilir. Burada, həmçinin, ANAMA tərəfindən təmin olunan mina və partlayıcı sursatların maketləri də nümayiş etdirilib.
PSTM təlimlərin keçirilməsində əsas məqsəd müharibədən zərər çəkən regionlarda və Qarabağa qayıdış prosesində iştirak edəcək əhalinin, həmin ərazilərdə və müxtəlif təsərrüfatlarda çalışan işçilərin mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi və onların biliklərinin artırılmasıdır.
Qeyd edək ki, BAMF-ın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə layihəsi üzrə işlər BMT QAK-ın maliyyə ayırması və ANAMA-nın dəstəyi ilə Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında davam etməkdədir.