“Ermənilərin Qarabağdakı məscidləri dağıtması bizi dərindən kədərləndirir”.
Bunu Ednews-a açıqlamasında “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz deyib. O, Füzulidə ermənilər tərəfindən dağıdılan məscidi ziyarət edərkən gördüyü dəhşətli görüntülər qarşısında çox kədərləndiyini qeyd edib.
“Füzuli şəhərində bir məscidin qarşısındayıq. Gördüyünüz kimi məscid işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb, bu müqəddəs yeri donuz tövləsinə çeviriblər. Məscidin bu vəziyyəti məni dərindən kədərləndirir. Bura Allahın evlərindən biridir. Lakin məni daha çox kədərləndirən günahsız insanların öldürülməsidir. İslam dinində bu ən böyük günah sayılır”, - deyə Ə.Məhfuz öz təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Əl Cəzirə Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədirlər.
Törə Zeynal