Kirayə evlərlə bağlı problemlərdən biri də ev sahibi ilə kirayəçi arasında kirayə müqaviləsinin bağlanmamasıdır. Kirayə bazarı ildən-ilə genişlənsə də hələ də çoxları kirayə müqaviləsinin əhəmiyyətinin fərqinə varmır. Yazılı formada bağlanılmalı olan müqavilə əksər hallarda şifahi şəkildə “imzalanır”.
Hüquqşünas Rəhim Xoyski Ednews-a açıqlamasında kirayə müqaviləsinin əhəmiyyətindən danışıb. O bildirib ki, kirayə müqaviləsi olmadan verilən evlərlə bağlı sonradan ciddi problemlər yaranır.
“Bəzən kirayənişin əmlaka zərər vurur və ya ev sahibi istədiyi vaxt kirayəçini evindən çıxarır, qiyməti artırır və s. Əgər kirayə müqaviləsi olsa, tərəflər şərtlərini əvvəldən razılaşdırsa, bu kimi problemlər xeyli azalar”.
Hüquqşünas tərəflər arasında kirayə müqaviləsinin bağlanmamasının səbəblərinə də toxunub:
“Kirayəyə görə vergi yüksək olduğu üçün ev sahibi kirayə müqaviləsi bağlamaqda maraqlı olmur. 14 faiz vergi Azərbaycan reallıqları üçün kirayədə ciddi rəqəmdir. Ortalama bir evin kirayə qiymətini 400 manatdan hesablasaq, bu 56 manat edir. Bu da hər iki tərəf üçün ciddi rəqəmdir”.
Ekspert qeyd edib ki, kirayə müqaviləsinə görə vergilər azaldılmalıdır. Bu dəyişiklik həm də dövlətin yararına olacaq:
“Düşünürəm ki, kirayə müqaviləsinə görə vergi 4 faizə salınsa, bütün tərəflər müqavilənin bağlanmasında maraqlı olar. 14 faiz vergi dərəcəsi qoyan dövlət də müqavilə bağlanmaması nəticəsində normal vergi toplaya bilmir, ya müqavilə imzalanmır, ya da məbləğ dəyərindən hədsiz aşağı göstərilir, bu da ayrı problemdir. Aşağı faizlə dövlət həm vergi toplamış, həm də vətəndaşlar arasında problemləri həll etmiş olar”.
Törə Zeynal