Havalar istiləşdikcə səyyar formada qida məhsullarının satışında da canlanma hiss olunur. Şəhərdə addımbaşı səyyar satıcılara rast gəlmək mümkündür. Rəngli sular, harada və nə şəkildə hazırlandığı məlum olmayan bulkalar, qutablar və s.
Halbuki, qanunvericiliklə səyyar satış qadağandır və küçə ticarəti sayılır. Belə formada satılan qida məhsulları insan orqanizmi üçün də ciddi problemlərə yol aça bilər.
Maralıdır, ölkədə səyyar satışa nəzarət varmı?
Məsələyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə Əlaqələr sektorunun mətbuat katibi İlkin Kərimov aydınlıq gətirib.
O, Ednews-a açıqlamasında bildirib ki, AQTA tərəfindən qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirləri davam etdirilir:
“Bu tədbirlər çərçivəsində vətəndaşlardan daxil olan şikayətlər əsasında planlı və plandan kənar yoxlamalar həyata keçirilir. Bəzən saxlama şərtlərinə və digər standartlara cavab verməyən şəraitdə hazırlanmış qida məhsullarının qanunsuz satışı həyata keçirilir ki, bu da qida təhlükəsizliyi baxımından yolverilməzdir“.
İ.Kərimov vətəndaşları bu cür qidalardan uzaq olmağa çağırıb:
“Vətəndaşlardan xahiş edirik ki, qida məhsullarını, həmçinin qablaşdırılmış suları alarkən, həmin məhsulların mənşəyinə dair sənəd tələb etsinlər, etiket məlumatlarını yoxlasınlar, saxlama şəraitinə diqqət yetirsinlər. Vətəndaşlar həmçinin müəssisə rəhbəri və satıcıdan məhsulun qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsinə dair məlumat da tələb edə bilərlər. Bu sahədə hər hansı uyğunsuzluq aşkarlanarsa, Agentliyin 1003 çağrı mərkəzinə məlumat vermələri xahiş olunur”.
İ.Kərimov onu da əlavə edib ki, şikayət edilən ünvanlar Agentlik tərəfindən nəzarətə götürülüb və bununla bağlı yoxlamalar həyata keçiriləcək.
Rübabə Kazımlı