Həkimlər yay fəsilində vətəndaşları tez-tez xəbərdar edir ki, qızmar, bürkülü havalarda uzaq səfərlərdən, ağır fiziki işlərdən uzaq durun. Bunun səbəbi gün vurma ilə bitə bilər. Bu fəsildə günəş şüası insan beyninə birbaşa təsir edir.
Mövzu ilə bağlı həkim Rasif Bağırov Ednews-a açıqlamasında bildirib ki, günəş şüası insan beyninə təsir etdikdən sonra, xəstədə müəyən əlamətlər meydana çıxır:
“Orta dərəcədə günvurma ilə temperatur yüksəlir, baş ağrısı və ürək bulanması daha da pisləşir, burun qanaması başlaya bilər. Hərəkət funksiyasının pozulması və qısa müddətli şüur itkisi mümkündür. Günvurma nəinki günəş altında olanda, hətta gəzintidən bir neçə saat sonra belə təsir edə bilər. Günvurma quru və sakit havalarda həddindən artıq fiziki aktivliklə məşğul olanda da baş verə bilər”.
Həkim həmçinin onu da qeyd etdi ki, günvurma zamanı əsas qayda xəstəni dərhal sərin bir yerə gətirmək, çarpayıda uzandırmaq, su vermək və bədən istiliyini aşağı salmaqdır.
Günvurmadan özümüzü necə qorumalıyıq?
“Ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır”.
Günəşdən qorunmağı göz ardı etməyin, çünki təsirlər sağlamlığınız üçün çox ciddi ola bilər. İsti havadan qorunun və bu havada işləmək istəməyən bir ruh halında olsanız əsəbləşməyin. Bu həm də termometrdə yüksək bir işarənin nəticəsidir.
Aynurə İsmayıl