7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.
Məsələ barədə Ednews-a danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər.
“Ödənişlər "AzParking" proqramı vasitəsilə qəbul ediləcək. Qeyd olunan parking proqramını smart telefonlara, android və apple tətbiqlərini dəstəkləyən proqramlar üzrə yükləmək mümkündür. Parklanma yerlərinin doluluğu ilə bağlı məlumatlar mobil tətbiqdə xəritə üzərində rənglərlə əks etdiriləcək. Əgər doluluq 80%-dən azdırsa, məlumatlar yaşıl rəngdə, 80%-dən çoxdursa qırmızı rəngdə olacaq”.
Ekspert vurğulayır ki, bu proqramın üstünlüyü ondan ibarətdir ki, ərazi üzrə nağdsız ödənişlər vasitəsi ilə həyata keçiriləcək. Bu işləri nəqliyyat könüllüləri təşkil edəcək. Parklanma yerlərini öncədən rezervasiyası mümkün olmayacaq.
Qeyd edək ki, SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.
Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Aynurə İsmayıl