Xəbər verdiyimiz kimi, deputat Tahir Rzayev təklif edib ki, qadınlar işə 1 saat gec gəlib, 1 saat tez getsinlər. Ona görə ki, qadınlar səhər həyat yoldaşlarını işə yola salırlar, uşaqlarını məktəbə göndərirlər.
Bəs təklif edilən bu qərar balanslılığın qorunması cəhətdən nə dərəcədə düzgündür?
Bu barədə Ednews-a sosioloq Sahib Altay bildirdi ki, bu və bu qəbildən olan fikirlər sadəcə "fərqli fikir deyim, cəmiyyət arasında müzakirəyə səbəb olum" məqsədli fikirlərdir:
"Qadının bir saat gec gəlib, bir saat tez getməsi nəyi dəyişəcək? Əksinə, bu əmək fəaliyyətində cinsi ayrıseçkiliyin göstəricisidir. Zərurət hallarında, bəli, olar. Məsələn, analıq məzuniyyəti və müavinəti zərurətlə bağlıdır. Və ya bəzi ölkələrdə menstruasiya dövrünü ağır keçirən qadınlar, adət halının ilk 3 günündə işə getmirlər. Bu da normaldır. Çünki zərurət haldır. Mən insanların az işləyib, çox istirahət etməsinin tərəfindəyəm. Ancaq bu, cinsiyyətindən asılı olmayaraq, hər bir əməkçiyə aiddir".
Oğuz