Dekabrın 23-də “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə "100 il və dəyişən tarix" adlı tədbir keçirilib.
Ednews xəbər verir ki, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Respublika Veteranlar Təşkilatının sədr müavini Polkovnik Cəlil Xəlilov, hərbi ekspertlər Elxan Şıxəliyev, Telman Qasımov, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hadrut uğrunda gedən gedən döyüşlərdə şəhid olan Nurlan Mustafayevin anası Rahilə Ramazanova iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin mətbuat katibi qazi Elvin Vəliyev açıb. O qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
"Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur".
Çıxış üçün söz Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə verilib. O öz çıxışı zamanı deyib:
“Ötən gün Bakı Media Mərkəzinin hazırladığı “Hadrut” filmini izlədik. Anamızın, bacımızın çıxışı məni kövrəltdi. Beləliklə, mən bir daha qürür duydum ki, Hadrut cəngavərləri necə böyük Azərbaycan oğlunu təmsil ediblər. Bu 30 illik məsələ, əslinə qalanda bu faciənin tarixi yüz ildən də çoxdur. Elə Ağdərənin Umudlusunu bu yüz il ərzində bir neçə dəfə yandırıblar, talan ediblər. Anamızın çıxışı məni o qədər təsirləndirdi ki, onun bu ifadəsi şəhid anasının böyüklüyünü göstərir. Baş əyirəm qarşınızda. Qəhraman oğullarımız işğal altındakı torpaqları geri qaytardı. Bizim hələ görəcək işlərimiz çoxdur. Qarşımızda prezident seçkiləri durur və ölkə tarixində, mən hesab edirəm ki, ilk dəfə bütöv Azərbaycan seçkilərdə iştirak edəcək”.
Xüsusi Təyinatlı Qüvvələri kapitanı, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edib:
"2023-cü il çox uğurlu bir il oldu. Çünki bu il Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. İl başa çatır, lakin Heydər Əliyevin adı daim yaşayacaq, əbədiyyətə qədər daim Azərbaycana yol göstərəcək.
Heydər Əliyev dünənimizdə, bu günümüzdə və sabahımızdadır. Onun Azərbaycan üçün etdikləri misilsizdir. Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı, qurucusudur. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" məşhur deyimi ilə Azərbaycanı bütün dünyada tanıdıb".
Fərid Axund