Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi istehlakçıların su təminatının yaxşılaşdırılması, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.
Ednews quruma istinadən xəbər verir ki, Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulması işləri təsdiqlənmiş qrafikə uyğun olaraq davam etdirilir.
İçməli suyun keyfiyyətinə nəzarət üzrə AZS 929-2023 standartının əsas tələblərindən biri anbarlarda toplanan suyun təhlükəsizliyinin təmin olunmasıdır. Bu məqsədlə hər il su anbarlarının yuyulması planı tərtib edilir və anbarlarda nəzarət təftiş işləri aparılır. Təsdiqlənmiş təlimata uyğun olaraq içməli su təminatı həyata keçirilən hər bir anbar ildə azı bir dəfə yuyulmalı və dezinfeksiya edilməlidir. Bu məqsədlə anbarlar tamamilə boşaldılır, ilkin olaraq anbarda hər hansı sızma və ya qəza vəziyyətinin olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılır, təhlükə doğura biləcək hallar olarsa təmir-bərpa işləri aparılır. Anbarın istismar reqlamentində hər hansı qüsur aşkar edilmədikə, Agentliyin ixtisaslaşmış xidmət briqadaları tərəfindən anbarlar yuyularaq dezinfeksiya edilir. Hər bir anbarın yuyulmasında suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Gigiyena və Epidemilogiya Mərkəzinin mütəxəssisləri də iştirak edir.
Su anbarlarının yuyulması və zərərsizləşdirilməsi planına uyğun olaraq 2024-cü ildə ümumi tutumu 1 milyon 260 min kubmetr olan 875 mərkəzi və məhəllədaxili anbarın yuyulub təmizlənməsi planlaşdırılır. Ötən müddətdə ümumi tutumu 228 min kubmetr olan 112 anbarın yuyulması təmin edilib. Anbarların yuyulması zamanı mövsümi amillər nəzərə alınır. Eyni zamanda əhalinin içməli su təchizatında dayanıqlılığın təmin olunması üçün proses növbəli şəkildə həyata keçirilir.
Yuyulmuş anbarlardan istismar dövründə mütəmadi su nümunələri götürülərək Mərkəzi Laboratoriyada analiz olunur. Suyun tərkibində hər hansı kənarlaşmalar olduqda və onun aradan qaldırılması mümkün olmadıqda həmin anbarın növbədənkənar qaydada yuyulması təmin olunur.