Beynəlxalq koalisiyanın Kərkükün cənubunda bir məscidə hava zərbələri endirməsi nəticəsində bir qrup sivil həlak olub və yaralanıb.
Əl-Məyadin televiziyasının məlumatına görə, "İŞİD əleyhinə koalisiya"nın Kərkükün cənubunda Daquq bölgəsində bir məscidə hava zərbələri endirməsi nəticəsində 20 nəfər, o cümlədən uşaq və qadın həlak olub, 45 nəfər yaralanıb. Yaralılardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.
Daquq bölgəsi təhlükəsizlik idarəsinin rəisi mayor Pulanın dediyinə görə, koalisiya qırıcıları Düz Xurmatu bölgəsində bir yaşayış massivinə hücum ediblər.
Bu xəbər barədə əlavə məlumat verilməyib.
İraqdan əldə olunan digər bir məlumata görə, İraq polisi bildirib ki, İraq ordusunun Kərkükdə İŞİD terrorçuları əleyhinə əməliyyatında 20 terrorçu öldürülüb.
Xalq səfərbər qüvvələri də İŞİD terrorçularının Mosulun cənubunda əl-Həzər bölgəsinə hücumunun qarşısını alıblar. İŞİD terror qruplaşması bu hücumda xlor qazından istifadə edib.