Dekabrın 15-də "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.
Bir gün davam edəcək tədbirdə hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, jurnalistlər, beynəlxalq ekspertlər, tələbələr iştirak edəcək. İştirakçılar dinlərarası tolerantlıq və medianın bu sahədə oynadığı rol haqqında fikir və təcrübə mübadiləsi aparılacaqlar.
Aİ Nümayəndəliyinin Rəhbəri Səfir Malena Mard Avropa Komissiyasının Birinci Vitse-Prezidenti Frans Timmermansın 2015-ci ildə ilk dəfə keçirilmiş İllik Fundamental Hüquqlar Seminarında dediyi sözləri xatırladı: "anti-müsəlman və anti-semit nifrətinə qarşı mübarizə aparmaq Avropanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir... bu sual ümumiyyətlə cəmiyyət barədədir, prinsiplərimiz və əsas dəyərlərimiz haqqındadır".
Tədbir 15 dekabr saat 9.00 ADA Universitetində keçiriləcək. Tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.