UEFA Çempionlar Liqasının 1/8 final sonuncu 1/8 final matçları bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. İlk oyunda qolsuz heç-heçə edən tərəflər "Barselona" (İspaniya)- "Olimpik Lion" (Fransa) və "Bavariya" (Almaniya)- "Liverpul" (İngiltərə) cavab görüşündə münasibətlərə aydınlıq gətirəcək. Bu oyunlardan sonra 1/4 finalda iştirak edəcək bütün komandaların adı məlum olacaq.
Fransada Barselona ilə qolsuz bərabərə qalmağı bacaran "Lion" Kamp-Nouda İspanlara qonaq olacaq. Hər iki klubun baş məşqçisi mətbuat konfransında ehtiyatlı danışıb. Barselonanın baş məşqçisi Ernesto Valverde: "Onlar hücumda çox güclüdürlər. Əminəm ki, onlar bacardıqlarından çoxunu etməyə çalışacaqlar. Ancaq biz də öz gücümüzü ortaya qoyacağıq, oyun 90 dəqiqədir və hər şey ola bilər. "Fransa klubunun baş məşqçisi Bruno Genezio maraqlı açıqlaması ilə yadda qalıb:" "Ayaks" klubunun "Real Madrid" ilə oyunda göstərdiyi nəticə bizə böyük stimul verir. Sabahkı oyunda çox şey Messidən asılıdır. Çətin ki, cavab oyunu 0-0 hesabı ilə nəticələnsin". Barselona klubunun heyətində cəzalı oyunçu yoxdur, Dembele və Vermalenin oyunda iştirakı sual altındadır. Lionda zədəli futbolçu Gouridir və axşamkı matçı buraxacaq.
Xatırladaq ki, Lion və Barselona bu vaxta qədər 7 matçda üz-üzə gəlib. Bunların 4-də "Barselona" qalib gəlib, 3 oyun heç-heçə nəticələnib. Bu oyunlarda "Barselona" 16, "Lion" klubu 7 dəfə fərqlənib.Sonuncu dəfə 2008-09 mövsümündə "Barselona" "Lion"u iki oyunun nəticəsinə əsasən 6-3 məğlub etməyi bacarıb. Polşalı Şimon Marçinyak qarşılaşmanın baş hakimidir.
Anfield Road-da 0-0 oynayan "Bayern" və "Liverpul" Münhendə 1/4 finalçının adına aydınlıq gətirəcək. Yurgen Klop oyun haqda fikirlərini bölüşərkən deyib: "Əla oyun olacaq. Mübarizə, həyəcan dolu bir oyun bizi gözləyir, bizim epizodları lazimi anda qiymətləndirməyə ehtiyacımız var." Alman klubunda cəzalı olduğu üçün Kimmix və Müller oynamayacaq. Tolisso və Robben isə zədə səbəbilə bu matçı da buraxmalı olacaq. "Liverpul"da isə zədəli oyunçular Gomez və Oksleyd-Çemberleyndir. Matçın baş hakimi İtalyan Daniel Orsato olacaq.
Qeyd edək ki, bu klubların rəsmi oyunlarda bərəbər səviyyəli statisitikaları var. Aralarında baş tutan 6 görüşün 1-də İngilislər 1-də Almanlar qələbə qazanıb, 4 görüş isə heç-heçə yekunlaşıb.