Ötən gecə İngiltərə Premyer Liqasının 31-ci və Bundesliqanın 26-cı turu çərçivəsində qarşılaşmalar baş tutub.
Bazar günü oynanılan matçlar baxımından "Fulhem"-"Liverpul" və "Bavariya"- "Maynz" görüşləri turnir cədvəlində birinciliyi ələ keçirmək baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Gözlənilənlərin əksinə olaraq "Liverpul" səfər qarşılaşmasında "Fulhem"ə qarşı çətinlik yaşadı. İlk qolu matçın 26-cı dəqiqəsində Sadio Mane vursa da ikinci hissədə müdafiəçi Vircil Van Daykın qapıçı Alisson Bekerə ötürdüyü ehtiyatsız ötürmə nəticəsində keçmiş "Liverpul"lu Rayan Babel hesabı bərabərləşdirdi.
Bununla belə 81-ci dəqiqədə hakimin "Fulhem"in qapısına təyin etdiyi penaltini Ceyms Milner dəqiq yerinə yetirərək "Liverpul"a qələbə gətirən qola imza atdı. Bu nəticə ilə Yurgen Klopun komandası "Mançester Siti"ni 2 xal qabaqlayaraq turnir cədvəlində liderliyi ələ keçirdi.
"Bavariya" isə "Dortmund"un qazandığı qələbədən sonra 1-ci yerdə qalmaq üçün öz meydanında qələbə qazanmalı idi. Səfərdə "Dortmund"un "Herta" ilə oyunda qazandığı çətin başa gələn qələbəyə baxmayaraq Münhen təmsilçisi "Maynz"ı Allianz Arenada asanlıqla məğlub etdi. Xames Rodrigezin het-trik etdiyi matçda ilk qolu 3-cü dəqiqədə Levandovski, 39-cu dəqiqədə Kinqsli Koman, 70-ci dəqiqədə gənc oyunçu Alfonso Deyvis vurdu. Beləliklə "Bavariya" ardıcıl iki matçda 6-0 hesabı ilə qələbə qazanaraq Bundesliqada zirvədəki yerini qorudu.
Xatırladaq ki, hələ də "Bavariya" "Borussiya Dortmund" ilə şərikli liderdir və hər iki komandanın 60 xalı var. Sadəcə olaraq aralarındakı qol fərqinə əsasən "Bavariya" liderdir.