"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar".
Eurasia Diary xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə Albaniyanın "Partizani" komandası ilə qarşılaşan Azərbaycan çempionu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
""Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik", - deyə o bildirib.
Xatırladaq ki, "Partizani" - "Qarabağ" matçı 0-0 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 17-də Bakıda baş tutacaq.