Xəbər verdiyimiz kimi, Azərbaycan taekvondo millisinin üzvü Fəridə Əzizova İslam Oyunlarının qalibi olub.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Taekvondo üzrə Azərbaycan millisini 67 kq çəki dərəcəsində təmsil edən və ölkəmizin hesabına ilk və yeganə qızıl medalı yazdıran Fəridə Əzizova Ednews-a müsahibə verib. İslam Oyunlarının çempionu qələbə sevincini bizimlə bölüşüb.
“Əlbəttə böyük qürur hissi keçirdim və çox sevindim ki, Azərbaycanın hesabına bir qızıl medal yaza bildim. Bu mənim üçün çox şərəfverici bir hissdir”.
Finalda iranlı idmançı Zeynəb Varaqhula qalib gəldiyini deyən Fəridə Əzizova İslam Oyunlarında çətin rəqibinin olmadığını bildirib.
“Sadəcə onu deyə bilərəm ki, birinci döyüşüm bir az çətin keçdi, çünki günün birinci hissəsində oldu, həm də ilk döyüş idi”.

Taekvondoçumuz 2021-ci ildə Tokio Yay Olimpiadasındakı uğursuzluqdan sonra V İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan da bəhs edib.
“Təəssüflər olsun ki, Olimpiya oyunlarında nəticə olmadı, çünki oyunlardan üç həftə əvvəl ciddi zədə almışdım. Ayağımda arxa baldır əzələsinin gərilməsinə görə həkim ən azı 3 həftə məşq etməməyimi demişdi. Mən demək olar ki, ilk təpiyi Tokioda atdım. Builki İslam Oyunlarına hazırlıq isə uzun illər ərzində qazandığım xroniki zədələrə baxmayaraq normal keçdi. Bununla yanaşı, müəllimlərimiz sağolunlar, mənim üçün elə məşq prosesləri yazmışdılar ki, həm müalicəmi aparım, eyni zamanda da məşqlərimi davam etdirə bilim".
Azərbaycanın İslam Oyunlarında taekvondo yarışları üzrə çempionu gələcək planlarından da danışıb.
“Bu il qarşıda hələ iki-üç Qran-Pri yarışlarımız, eyni zamanda Dünya çempionatı var. Hədəfimiz yarışlara qatılmaq, eyni zamanda medal götürmək və öz reytinq hesabımıza daha çox bal yazdırmaqdır. Həmçinin gələn Olimpiya Oyunlarına reytinqlə vəsiqə qazanmaq alınmasa, artıq döyüşərək vəsiqə qazanıb yarışlarda iştirak etməyi düşünürəm”.
Qeyd edək ki, Azərbaycan taekvondo yarışlarını 5 medalla (1 qızıl, 2 gümüş, 2 bürünc) tamamlayıb.
Gülnar Səlimova