Xəbər verdiyimiz kimi “Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gün Bakıda Belçika “Gent”i ilə üz-üzə gələcək. Oyun 21.45-də Tofiq Bəhramov adına stadionda baş tutacaq.
Qol.az saytının baş redaktoru, ekspert Aydın Bağırov Ednews-a açıqlamasında bildirib ki, hər iki komanda qış fasiləsindən yeni qayıtdığı üçün tam formada deyil.
“O cümlədən, "Qarabağ"ın da indiki hazırlıq durumu ideal sayıla bilməz. Komandada zədəlilər - Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov və cəzalı Kevin Medina var”.
Ekspert bildirib ki, xüsusən Şahruddinin yoxluğu onda qapıçı baxımından narahatlıq yaradır.
“Mərkəz müdafiəçi baxımından isə "Qarabağ"ın problemlə üzləşəcəyini gözləmirəm. Ola bilər, pleymeyker Kadinin gedişi hiss olunsun. Çünki onun əvəzləyisi olaraq gətirilən Yasin Benzia hələ tam formada deyil. Amma Ovusu Kvabenın yoxluğu hiss olunmayacaq. Musa Qurbanlının özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram. Avrokuboklar üçün oyun təcrübəsi az olsa da, hazırda get- gedə yaxşı formadadır və belə matçlar üçün çox həvəsli, istəklidir”.
O həmçinin qeyd edib ki, rəqib "Qarabağ"a ciddi yanaşır.
“Eyni zamanda baş məşqçilərinin fikirlərindən görünür ki, komandanı yaxşı öyrənib. Bununla belə, üstünlüyü "Qarabağ"a verirəm. Ola bilər ki, bu gün heç-heçə qeydə alınsın, amma cavab matçında "Qarabağ" rəqibini məğlub edib mərhələ adlayacaq”.
Ayan Rzayeva