Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
Ednews xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq.
Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.
Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Kəpəz"i (7:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:0) məğlub ediblər.