“Eurasia Diary”nin İndependent-ə istinadən verdiyi məlumata görə, Brusseldə Aİ-na üzv olan ölkələrin xarici işlər nazirlərinin iclasında Avropa İttifaqının xarici işlər naziri Federika Moqerini İran və Altılıq ölkələr arasında razılaşdırılmış sazişin yerinə yetirilməsində əlindən gələni edəcəyini bildirib.
Aİ-nın xarici işlər naziri danışıqlarda koordinator kimi iştirak edib.
İran və Altılıq ölkələr arasında əldə olunan razılığa görə İrana qarşı sanksiyalar aradan qalxmalı və İranın nüvə proqramı üzərində məhdudiyyətlər tətbiq edilməlidir.
Altılıq ölkələr İran ilə imzalanmış sazişə əməl etmək barədə öhdəliklər götürüblər. Lakin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sazişi pozmaq və öhdəliklərə əməl etməmək narahatçılığı var.
Xarici siyasətini aydın və dəqiq büruzə verə bilməyən Donald Tramp İran ilə aparılan danışıqları mənfi qarşılayıb və əldə olunan sazişi pozacağı barədə bəyanatlar verib.
Moqerini deyib ki, ABŞ İran ilə sazişi pozsa belə Avropa İttifaqı bu məsələdə müstəqil siyasət yeridəcək və öhdəlikləri yerinə yetirməkdə davam edəcək.
Beynəlxalq Atom Enerji Təşkilatının apardığı araşdırmalara görə, İran sazişdə tələb olunan bütün öhdəlikləri icra edib.
Tədbirdə iştirak edən Britaniya xarici işlər naziri Boris Conson da nüvə məsələsi ilə bağlı İran ilə imzanlanan sazişə əməl etməyinin vacibliyini vurğulayıb.
Yunis Abdullayev