Üzərindəki gizliliyi qaldırılan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sənədlərində Kipr məsələsi ilə bağlı bəzi detallar ortaya çıxıb.
“Anadolu” agentliyinin məlumatında bildirilir ki, sənədlərə görə, ABŞ 1974-cü il iyulun 20-də Kiprdə başlanan Barış Hərəkatından əvvəl Türkiyəni Kiprdən uzaqlaşdırmaq istəyib.
Gizli sənədlərə görə, EOKA terror təşkilatının lideri Nikos Sampsonun adanı Yunanıstana birləşdirmək məqsədi ilə Makariosa qarşı 1974-cü il iyulun 15-də çevriliş təşkil etməsi, həmçinin daha sonra baş verən proseslər ABŞ-ın həmin günlərdəki prioritetləri arasında yer alırdı.
Sənədə görə, Riçard Niksonun prezident olduğu dövrdə ABŞ-ın dövlət katibi işləyən Henri Kissincerin rəhbərliyi ilə CİA, Müdafiə Nazirliyi və digər idarələrin iştirakı ilə “Vaşinqton Xüsusi Hərəkat Qrupu”nun toplantısı keçirilib. Sampsonun həyata keçirdiyi çevrilişdən bir gün sonra keçirilən toplantının mövzusu yalnız Kipr olub.
Protokollara görə, Kissincer toplantıda iştirak edənlərin fikirlərini dinləyib və Kipr mövzusunda həyata keçiriləcək siyasi xətt müəyyənləşdirilib.
Kissincer Türkiyə Böyük Millət Məclisinin iyulun 18-də keçirdiyi xüsusi iclasla bağlı sualına cavab olaraq CİA-nın direktoru Vilyam Kolbi Türkiyənin Kiprə qoşun göndərmək niyyətində olduğunu deyib.
“Buna inana bilmirəm. Makariosu yenidən iqtidarda görmək istəmələrinə inana bilmirəm”, - deyə keçmiş dövlət katibi bildirib.
Sənədlərə görə, Kissincer ABŞ-ın Kiprdəki vəziyyətlə əlaqədar iki məqsədinin olduğunu söyləyib: “Məqsədlərimizdən biri vəziyyətin beynəlxalq xarakter daşımasının qarşısını almaqdır. İkinci məqsəd isə, vətəndaş müharibəsi başlayacağı halda kommunistlərin vəziyyətdən sui-istifadə etməsinin qarşısını almaqdır.
Bundan başqa, türkləri proseslərdən kənarda qoymaq lazımdır”.
CİA sənədlərində kiprli baş yepiskop Makariosun adadan qaçmasına gətirib çıxaran çevrilişdən sonra ABŞ-ın adaya hərbi güc göndərməsini müzakirə etdiyi də yer alıb.