Biznesmen Umar Cəbrailov xidmət keyfiyyətindən narazı olduğuna görə, Moskvada “Four Seasons” mehmanxanasında şəxsi tapançasından atəş açıb.
Bu barədə “Mash” öz “Telegram” kanalında məlumat yayıb.
Biznesmen otel nömrəsində yemək sifariş edir, ancaq şam yeməyini ona ofisiant deyil, süpürgəçi gətirir. Cəbrailov bərk hiddətlənərək tavana atəş açmağa başlayır və menecerin gəlməsini tələb edir.
Qeyd edilir ki, biznesmen “Yarıgin” tapançasından istifadə edirdi. Onun tapançanın gəzdirilməsinə dair icazəsi var və sənəd ona Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin rəis müavini tərəfindən imzalı olaraq verilib.
Cəbrailov insidentə görə otelə gəlmiş polisə müqavimətsiz təslim olub. Onu da qeyd edək ki, atəş nəticəsində heç kim zərər çəkməyib. Sahibkara qarşı xuliqanlıq maddəsilə cinayət işi qaldırılıb.
Umar Cəbrailov 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistan Respublikasını Federasiya Şurasında təmsil edib. Həmçinin o, parlamentin yuxarı palatasının beynəlxalq işlər üzrə komitəsi başçısının müavini, eyni zamanda Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü idi. (Publika.az)