NATO-nun müdaxiləsi Liviyada münaqişəyə gətirib çıxardı, Rusiya problemin milli dialoq yolu ilə həllini dəstəkləyirdi.
“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov italiyalı həmkarı Ancelino Alfano ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, NATO-nun təcavüzü Liviyada vəziyyətin nizama salınması üzrə səyləri lap əvvəldən dağıtdı.
“Nəticədə, Liviya boz zonaya çevrildi, regionda döyüşçülərin sayı və silah qaçaqmalçılığı artdı və İtaliya da daxil olmaqla, Avropa ölkələri üçün nəhəng problemlər yaradan miqrant dalğası yarandı”, - rusiyalı diplomat bildirib.
Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin silahlı konfliktlə devrilməsi və qətlindən sonra Liviya vətəndaş müharibəsi vəziyyətindədir. Ölkədə ikihakimiyyətlilik yaranıb: Tobruk şəhərində ölkənin şərqində keçirilən seçkilərlə formalaşan parlament fəaliyyət göstərir, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış Milli Razılıq Hökuməti qüvvədədir.
Ölkənin şərq hissəsinin hakimiyyəti Tripolidən asılı olmayaraq işləyir və marşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya milli ordusu ilə əməkdaşlıq edir.(publika)