Yaponiyanın xarici işlər naziri Fumio Kişida ölkəsinin Mekonq çayı boyunca yerləşən dövlətlərin iqtisadi inkişafına yardım edəcəyini bəyan edib.
Bu barədə F.Kişida ASEAN ölkələri ilə bağlı Yaponiyanın siyasəti haqda Tailandın paytaxtı Banqokdakı çıxışı zamanı bildirib. Hazırda o, Cənub-Şərqi Asiyanın dörd ölkəsində rəsmi səfərdədir.
Nazir deyib ki, regionun iqtisadi inkişafı üçün burada yerləşən ölkələr yollar, körpülər və digər infrastruktur vasitələrlə birləşməlidir.
Yaponiyanın Mekonq çayı boyunca yerləşən dövlətlər üçün yeni çərçivə yaradacağını bildirən F.Kişida bu ölkələrə üç il ərzində yeddi milyard dollardan çox vəsait ayrılacağını qeyd edib.
Nazir bəyan edib ki, Yaponiya həm də bu ölkələrdə gömrük xidmətinin yaxşılaşması və kadr hazırlığını da əsas vəzifə kimi qarşıya qoyub.
"Azərtac"