Malayziyanın “Ümid alyansı” (Pakatan Harapan) müxalifət koalisiyası parlament seçkilərində səslərin çoxunu toplayaraq qalib gəlib.
Malayziya Seçki Komissiyasının saytına istinadla xəbər verir ki, seçkilərin nəticəsində “Xalq Ədaləti” Partiyası (RKR) parlamentdə 104, koalisiyaya daxil olan “Demokratik Fəaliyyət” Partiyası isə 9 yer qazana bilib. Beləliklə, müxalifət koalisiyası səsvermənin nəticələrinə görə ölkənin qanunverici orqanında 113 yer, hakim “Milli cəbhə” isə cəmi 79 yer əldə edib. Malayziya qanunvericiliyinə əsasən, hökuməti formalaşdırmaq üçün qalib partiyaya 112 parlament kürsüsü kifayət edir.
Solçu və mərkəzçi mövqeləri əks etdirən dörd partiyanın daxil olduğu “Ümid alyansı” koalisiyası seçkilərdə iştirak etmək üçün 2015-ci ildə təsis edilib. Bu siyasi birliyə 1981-ci ildən 2003-cü ilədək ölkənin Baş naziri olmuş Mahathir Mohamad başçılıq edir.
Xatırladaq ki, Malayziyada hakim koalisiya ölkənin Böyük Britaniyanın əsarətindən azad edildiyi vaxtdan hakimiyyətdə idi. Yalnız 1969-cu ildə 14 partiyadan ibarət koalisiya seçkilərdə səslərin üçdə ikisini toplaya bilməmişdi. Çoxmillətli ölkədə etnik münaqişələr qızışmış və hakimiyyət 1971-ci ilədək davam edən fövqəladə vəziyyət elan etmişdi.
Həmin vaxtdan etibarən Malayziya bütün dünyada tərəqqipərvər müsəlman dövləti kimi tanınıb və burada İslam dininə itaət edən malaylarla yanaşı, əksəriyyətinin buddizmə, induizmə və xristianlığa itaət etdiyi çinlilər və hindular dinc şəraitdə yaşayırlar.