Yaponiyada yüzlərlə insan günvurma və havanın temperaturunun həddən artıq isti keçməsi ilə əlaqədar xəstəxanalara yerləşdirilib. Bu barədə ölkənin müvafiq dövlət strukturları məlumat yayıb.
Məlumata görə, istidən zərər çəkmiş insanların demək olar 40% -i yaşlı sakinlərdir.
Son iki həftə ərzində ən azı 569 nəfər isti hava və günvurmalarla əlaqədar xəstəxanalara yerləşdirilib. Onlardan biri ölüb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin və təcili yardım funksiyalarını yerinə yetirən Yanğın Söndürmə İdarəsindən bildirilib.
Aprelin sonu - mayın əvvəllərində Yaponiya bölgələrinin əksəriyyətində temperatur müsbət 30 dərəcədən yuxarı qalxıb. Yapon meteoroloqları builki yayın normadan artıq isti keçəcəyini proqnozlaşdırırlar.
Xatırladaq ki, ötən il Yaponiyada anomal istilər səbəbindən 100-dən çox insan ölüb, 53 min nəfər isə xəstəxanaya yerləşdirilib.
"Report"