Britaniyanın Baş naziri Theresa May cümə günü istefa verəcək.
O, Mühafizəkar partiyasının liderliyindən rəsmi olaraq istefa verəcək, lakin ölkənin yeni Baş naziri seçilənədək bu postda qalacaq.
Theresa May istefaya gedəcəyini iki həftə əvvəldən açıqlamışdı. O, Brexit sövdələşməsini tamamlaya bilmədiyinə görə məyus olduğunu da bildirmişdi.
Mühafizəkar partiyasının 11 millət vəkili Theresa May-in hazırki postu - partiya lideri və daha sonra Baş nazir postu üçün yarışır.
Namizədliyin irəli sürülməsi bazar ertəsi günü mümkün olacaq.
Böyük Britaniya Avropa İttifaqından martın 29-da çıxmalı idi. Lakin sonrakı danışıqların nəticəsi olaraq bu, mümkün olmadı.
Theresa May istefasını açıqlayarkən bildirmişdi ki, "Brexit anlaşmasının həyata keçməsi üçün əlindən gələn hər şeyi edib və indi yeni Baş nazirin cəhd etmə vaxtıdır".
Partiya liderliyinə seçkilər mərhələli şəkildə keçiriləcək və son nəticənin təxminən iyulun 22-də açıqlanacağı gözlənilir.