Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması onun F-35 proqramında iştirakını mümkünsüz edir.
Eurasia Diary-nin "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin bəyanatında deyilir.
"Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz", - Qrişemin deyib.
"ABŞ Ankaranın S-400 komplekslərini alması ilə bağlı məhdudiyyətlər nəzərə almaqla Türkiyə ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək. Türkiyənin F-35 proqramında iştirakı 2020-ci ilin mart ayında tamamilə dayandırılacaq".
Bunu isə jurnalistlərə ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lord deyib. E.Lord bildirib: "Biz proqramda türklərin iştirakını 2020-ci ilin mart ayında dayanadıracağıq".
Qeyd edək ki, ABŞ-ın Türkiyənin F-35 proqramından ixrac etməsi ilə bağlı qərarına Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verərək etiraz edib. Ankara hesab edir ki, ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır.
"Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli addım müttəfiqlik ruhuna zidddir və qanuni əsaslara söykənmir. F-35 proqramının əsas tərəfdaşlarından biri olan Türkiyənin proqramdan çıxarılması ədalətsizdir. S-400 komplekslərinin F-35 qırıcılarına təhdid doğurması barədə iddialar əsassızdır. Türkiyənin bu məsələ üzrə NATO ilə birgə işçi qrupunun yaradılması barədə cavabsız qalan təklifi ABŞ-ın bu problemi vicdanla həll etmək istəməməsinin göstəricisidir" - XİN-in bəyanatında deyilir.