Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Şərqi Aralıq dənizindəki vəziyyətin həyəcanverici olduğunu söyləyərək bölgə ölkələrini dialoqa çağırıb.
Eurasia Diary "Milliyet"ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Kiprin Phileleftheros qəzetinə müsahibə verib. O, sabah Kiprin cənub hissəsinə ziyarət edəcəyini bildirib.
"Kiprli dostlarımı əmin etmək istəyirəm ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər, heç bir şəkildə Moskva ilə Lefkoşa arasındakı dialoqa təsir etməyəcək", Lavrov deyib.
O, Yunanıstan hökuməti ilə Ankara arasındakı problemləri həll etmək üçün vasitəçi olmağa hazır olduqlarını ifadə edib.
"Birləşmiş Millətlər Təşkilatı, Ankara və Lefkoşa arasındakı problemləri həll etmək üçün universal bir platformadır. Hər iki tərəf də maraqlı olduğu halda, Kiprin yunan rəhbərliyi ilə Türkiyə arasında yaxşı qonşuluq münasibətlərinin qurulmasına öz töhfəmizi verməyə hazırıq", o bildirib.