Livanın şimal paytaxtı hesab olunan Tripolidə (Beyrutdan 90 km uzaqlıqda) nümayişçilərlə polis qüvvələri arasında baş vermiş küçə toqquşmaları şiddətli vəziyyət alıb. Qarşıdurmalar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “Al-Wataniya” agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, xəsarət alanların əksəriyyətinə yerində tibbi yardım göstərilib, 35-i xəstəxanaya yerləşdirilib.
***
Livanın Tripoli şəhərində nümayişçilərlə asayiş keşikçiləri arasında baş vermiş qarşıdurmada 82 nəfər xəsarət alıb.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Təşkilatının “Twitter” səhifəsində bildirilib.
“15 yaralı xəstəxanalara yerləşdirilib, daha 67 nəfərə yerində tibbi yardım göstərilib”, - deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişçilər qarşıdurma zamanı polis əməkdaşlarına döyüş qumbarası atıb, nəticədə 9 polis əməkdaşı yaralanıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Livanın “Al Jadid” telekanalı xəbər verir ki, nümayişçilər arasında da azı bir nəfər odlu silah yarası alıb.