ABŞ-ın sabiq Prezidenti Donald Tramp İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun ünvanına təhqirlər səsləndirib.
EDNews.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp “Axios” nəşrinə müsahibəsində bu barədə danışıb.
Onun qəzəblənməsinə səbəb Netanyahunun Co Baydeni ölkənin Prezidenti seçilməsi münasibətilə təbrik etməsi olub.
Eks-Prezident, həmçinin qeyd edib ki, Netanyahudan fərqli olaraq, Rusiya və Braziliya Prezidentləri Vladimir Putin və Jair Bolsonaru ABŞ liderini dərhal təbrik etməyiblər, çünki onlar seçkilərin saxtalaşdırıldığını hiss edirdilər.
Nəşrin məlumatına görə, Netanyahu əslində Baydeni təbrik edən ilk lider olmayıb. Belə ki, Netanyahu ABŞ mediası seçkilərin nəticəsini açıqlayana qədər 12 saatdan çox gözləyib.
Qeyd edək ki, ABŞ-da 46-cı Prezident seçkiləri 2020-ci il noyabrın 3-ü keçirilib. Ölkədə növbəti prezident seçkiləri 2024-cü ildə baş tutmalıdır.