KTMT-nin Rusiyalı sülhməramlıları Qazaxıstanı tərk edib.
EDNews.net-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib ki, KTMT qüvvələrinin rus sülhməramlılarının olduğu İl-76 və An-124 təyyarələri Qazaxıstandan çıxıb.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra KTMT-yə müraciət edib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Əməliyyatda Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edib. Strateji əhəmiyyətli obyektlərin mühafizəsi onlara həvalə edilib.
BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi həlak olub, 1,3 mindən çoxu yaralanıb.