Saxalində kömür mədəninin ərazisində qar uçqunu altında qalan iki işçidən biri ölüb.
Ednews xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin mətbuat xidmətindən xəbər verilib.
“Uçqun yerində axtarış işləri başa çatıb. Bir nəfər ölüb, ikincisi təcili tibbi yardım briqadasına təhvil verilib”, - deyə mənbədən bildirilib.
Qeyd olunur ki, hadisə zamanı dörd fəhlə boru kəmərinin demontajı ilə məşğul olub.
“İki fəhlə xəsarət almayıb. Bir işçini xilas etmək mümkün olub, o, xəstəxanadadır, həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər. Təəssüf ki, ikinci işçini xilas etmək mümkün olmayıb”, - deyə mətbuat xidmətindən bildirilib.