Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi təyin edən qətnaməni təsdiqləyib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, Baş Assambleyanın 193 üzvü Pakistanın təklif etdiyi qətnamə layihəsinin lehinə səs verib.
Qətnamədə insan hüquqlarına və dini fərqliliklərə hörmətə əsaslanan sülh və tolerantlığın təşviqi üçün beynəlxalq səylərin artırılması tövsiyə olunur.
Sənəddə bütün ölkələri, BMT orqanlarını, beynəlxalq və regional təşkilatları, vətəndaş cəmiyyətini, özəl sektoru və inanc əsaslı təşkilatları “İslamofobiya ilə mübarizə haqqında məlumatlılığın effektiv şəkildə artırılmasına yönəlmiş müxtəlif tədbirlərin təşkil edilməsi və dəstəklənməsi” istənilir.
Qətnamə tövsiyə xarakteri daşıyır.