Ermənistan qonşu dövlətlərlə onların dilində ünsiyyət qurmağı təklif edir.
Ednews erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan təhsil, elm, idman və mədəniyyət nazirliyi məlumat yayıb.
Nazir Vahram Dumanyanın sözlərinə görə ünsiyyəti sadələşdirmək üçün Ermənistan Respublikasının sərhəd kəndlərində qonşu ölkələrin dilləri tədris edilməlidir.
Hökumət brifinqində o bildirib ki, erməni uşaqlarına qonşu ölkələrin dilinin tədrisinə başlamaq ideyası bütün erməni məktəblərinə şamil edilməyəcək. Proses Gürcüstanla həmsərhəd icmalarla başlayacaq. Lakin kadr çatışmazlığından bunu etmək hələ ki, asan deyil.
Qeyd edək ki, daha öncə Ermənistanın məktəbəqədər və məktəb təhsili nazirinin müavini Janna Andreasyan bəyan etmişdi ki, indi Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq rus dili, eləcə də istənilən digər xarici dil (ingilis, fransız və ya alman dilləri) tədris olunur. İndi məktəblər tədris ediləcək üçüncü bir dili (əgər dövlətin təmin edəcəyi imkanlar olarsa) özləri seçə biləcəklər. Xüsusilə, region ölkələrinin dillərinə diqqət yetiriləcək.
Bu ölkələrə bütün qonşu dövlətlər - İran, Azərbaycan, Gürcüstan və Türkiyə aiddir.
Səbinə Qədirova