Əfqanıstanda hakimiyyətdə olan Taliban əfqan qadınları üçün daha bir qadağa tətbiq edib.
Ednews “Əl Cəzirə”yə istinadən xəbər verir ki, hakimiyyət ölkədəki bütün qadın televiziya xəbər aparıcılarının efir zamanı üzlərini örtmələrini tələb edib.
İnformasiya və Mədəniyyət Nazirliyi qərarın müzakirəyə qapalı olduğunu bildirib.
"Bu, bizə tətbiq edilən, bizi maska taxmağa məcbur edən kənar mədəniyyətdir və proqramlarımızı təqdim edərkən bizim üçün problem yarada bilər",-Əfqanıstanın “TOLOnews” telekanalının aparıcısı Sonya Niyazi deyib.
Aparıcı qərarın bütün qadın aparıcılar üçün gözlənilməz olduğunu və İslamın üzü örtməyi tələb etmədiyini qeyd edib:
“Hər bir İslam alimi və siyasi xadimi bu qərarın əleyhinə çıxıb”.
Qadın həmkarlar ilə həmrəylik aktı olaraq, kanalın kişi işçi və aparıcı heyyəti də üzlərini maskalarla örtüblər.
Qeyd edək ki, ayın əvvəlində Taliban bütün qadınlara ictimai yerlərdə yalnız gözlərinin göründüyü paltarlar geyinməyi əmr edib. Əmrdə qadınların yalnız zərurət yarandıqda evi tərk etmələri, əks halda kişi qohumların qadınların geyim qaydalarını pozmalarına görə çağırışdan başlayaraq məhkəməyə veriləcəkləri, hətta həbs cəzasına qədər cəzalandırılacağı bildirilib.
Mirvari Əzizova