Rusiyadan Avropaya neft idxalı dayandırılacaq.
Ednews “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Avropa İttifaqı liderləri bu ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini azaltmaq barədə prinsipial razılığa gəliblər.
27 dövlətdən ibarət təşkilat həftələrlə Rusiya neftinə tam qadağa qoyulması barədə müzakirələr aparsa da, Macarıstanın baş naziri Viktor Orban embarqonun ölkənin iqtisadiyyatını məhv edəcəyini söyləyib.
Liderlər Brüsseldə keçirilən görüşdə “Drujba” boru kəməri ilə Avropaya gələn tədarükləri dayandırmaq barədə kompromis sazişi imzalayıblar.
“Rusiya neftinin Aİ-yə ixracını qadağan edilməsi Rusiyadan neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və ölkənin müharibə üçün böyük maliyyə mənbəyini kəsir”, - Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib.
Aİ-nin icra başçısı Ursula von der Leyen bu addımın ilin sonuna qədər Rusiyadan Aİ-yə neft idxalının təxminən 90 faizini effektiv şəkildə azaldacağını bildirib.
Qalan 10 faiz isə müvəqqəti olaraq sanksiyalardan azad ediləcək ki, boru kəmərinin cənub hissəsinə bağlı olan Macarıstan, Slovakiya və Çexiya asanlıqla əvəz edə bilməyəcəkləri yanacağa çıxış əldə etməyə davam etsin.
Məlumata görə, bu kompromislə birlikdə Rusiyanın ən böyük bankı “Sberbank”ın qlobal “SWIFT” sistemindən çıxarılması, üç dövlət yayımçısının qadağan edilməsi və müharibə cinayətlərində günahlandırılan şəxslərin qara siyahıya salınması da daxil olmaqla, digər tədbirlər də qüvvəyə minə bilər.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl sammitə videomüraciətində Aİ liderlərini Moskvaya qarşı çox yumşaq davrandıqlarına görə qınayıb:
“Niyə siz əksini etmək əvəzinə, Rusiyadan, onların təzyiqindən asılısınız? Rusiya sizdən asılı olmalıdır. Niyə Rusiya hələ də enerji satmaqla gündə təxminən bir milyard avro qazana bilir?”- deyə Zelenski bildirib.
Mirvari Əzizova